Saturday, August 13, 2016

Riyaziyyat deyir ki, azərbaycanlı doğulmaq da çətindir))

Bu günlərdə bir nəfər yazmışdı ki, təkcə azərbaycanlı kimi yaşamaq yox, doğulmaq da çətindir. Sonra fikirləşdim ki, dünyaya gələn hər bir insanın azərbaycanlı olmaq şansı nə qədərdir. Riyazi-statistik yanaşanda çox qəribə mənzərə yaranır. Deməli, Azərbaycanın bu il 9,868,447 əhalisi var, bu ədədi yuvarlaqlaşdırıb 9,868,000 edək. Dünya əhalisi isə cəmi 7,324,782,225 nəfərdən ibarətdir, bunu isə  yuvarlaqlaşdırıb 7,324,782,000 edək. İndi isə nisbəti hesablayaq:
9,868,000 / 7,324,782,000 = 0.0013472073298564 ( oxumasaq da olar)) ). Bu ədədi kəsr şəklinə salıb sadələşdirsək, təxmini 1/790 ədədini alarıq. Biz hamımız 790 nəfərdən 1-ik. Bu mənə birinci normal gəldi, sonra fikirləşdim ki, bəs bu nisbət dünyanın ən çox əhalisi olan Çin üçün necədir? Çinin 1,382,323,332 əhalisi var.
Nisbətimiz belədir: 
1,382,323,332 / 7,324,782,000 = 0.1887186993414958. 
Bu isə təxminən 1/6 edir. Deməli, çinli olmaq çox asan imiş.

Saturday, May 21, 2016

İnvariant nədir? Mənim üçün tam yeni mövzu


Bu gün riyaziyyatdan mənim üçün tam yeni olan, heç bir təsəvvürüm olmayan bir mövzunu öyrənməyə çalışdım. Düzdür, istiqamət verən də oldu, amma məktəb dərslərində keçilməyən bu qəribə anlayış barədə ilkin təsəvvürlərim yarandı.

İnvariant nədir?

İnvariant riyazi obyektlərin yenilənməsi zamanı hansısa xüsusiyyətinin dəyişməz qalmasıdır. Məsələn, hər hansı ədədlər çoxluğunun toplanmasında müəyyən xüsusiyyətin eyni qalması, tutaq ki, cəmin cüt olması invariant sayılır. İnvariant xüsusiyyətə cəmin həmişə hər hansı bir ədədə bölünməsi, yaxud qalığın həmişə eyni olması və sair bu kimi əlamətlər aid ola bilər. Riyaziyyatın müxtəlif bölümlərində invariant istifadə olunur.  Məktəbli çalışmalarında ədədlərin və nəticənin cüt ədəd olması tez-tez rast gəlinir və belə məsələlərin həlli üçün invariant xüsusiyyəti müəyyən etmək və sübut etmək vacibdir. Bunun üçün cüt olmanın xüsusiyyətlərini bilməliyik. Məsələn, aşağıdakı 2 qayda bizə kömək edə bilər:


1. Tam ədədlərin cəminin cüt olması cüt olmayan toplananların sayının cüt olmasından asılıdır.
2. Hasilin işarəsi(müsbət və ya mənfi) mənfi işarəli vuruqların sayının cüt olmasından asılıdır.

Məsələ 1.

Üzərinə 11 yazılmış kağızı sinifdəki 16 şagird növbə ilə bir-birinə ötürdü. Onların hər biri bu ədədə ya 1 əlavə etdi, ya da 1 çıxdı. Sondakı nəticə 0-a bərabər ola bilərmi?


Məsələ 2.

Sinif asqısında 20 yaylıq asılmışdır. 17 qız asqıya yaxınlaşdı. Onların bəziləri oradan yaylıq götürdü, bəziləri isə öz yaylığını oraya asdı. Sonda asqıda 10 yaylıq qala bilərmi?

 


 

Friday, September 11, 2015

Coca-Cola bu zibilə bir izah versin



Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir. Bizim ölkədə
qanunlar işləmir deyə, hər şeyin zibili çıxıb. Hətta bizə zibil yedirib içirirlər...

Sentyabrın 10-da Rəsulzadə qəsəbəsində Favorit marketdən bəzi şeylər (hazır xəngəl :) ) və 2 l-lik fanta aldıq. Sonra qohumum Yusif əmigilə getdik. Atam bizi orada qoyub getdi və birdən gözüm Fantanın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?

İlk olaraq düşündüm ki, oy daa, bəlkə kiçik qardaşım ağzını açıb, nəsə eləyib buna. Birdən baxdım ki, axı fantanın yalnız paketdən yarısı çıxıb və heç onu açan olmayıb.

İndi də onun ağzı açılmayıb...

Həmin bu qara-qura əcaib zibillər ağzı açıq olmayan Fantanın içərisində idi.  

Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük.  Dəhşətə gəldim ki,  indiyədək içmədiyim zibillər qalmayıb....

Mən fotoları da yerləşdirirəm.
Fantanın alınma çeki də durur. Onun ağzı yenə açılmayıb və bütövdür... Hətta onu gizlətmişəm ki, Agent Cody Banks (Destination London) filmindəki kimi, birdən gəlib sübutumu oğurlayarlar 

Anlaya bilmirəm, bu qədər özbaşınalıq olar, hökumət idarələri hər yerdə həyatımızı korlayır, bəs bu boyda tanınmış şirkət  niyə belə edir?

Mən onlardan izahı necə tələb edə bilərəm.

Bəlkə bir neçə nəfər qəzetçi və blogger bu Fantanı şirkətə təqdim eləsin və izah istəsin. Yəqin mən getsəm, əlimdən alıb, bir təpik də  vurub qovarlar məni.

Tərslikdən, dərslər  də başlayır, özümü toparlayıb riyaziyyatdan dünya olimpiadasına qatılmaq istəyirəm. Amma bu şeyləri görəndən sonra, düşünürəm ki, məndən heç nə çıxmaz.. İşim gücüm hər şeyin içində cücü-mücü axtarmaq olacaq...

Friday, August 21, 2015

Bir milyardlıq lövhə

Keçən il məktəbə təzə "ağıllı" lövhələr gətirilmişdi. Məktəbin təmir olunmuş hissəsində bütün otaqlara çatmışdı, bir dənə bizim otaqda yox idi. Bir ədəd az gətirmişdilər...
Lövhələrdən informatika otağında var idi. İlk informatika otağına girişimizdə müəlliməmiz lövhənin qabağına çıxıb, bu lövhələrə əl vurmaq  olmaz! Onlar çox bahalıdırlar, qiymətləri bir milyarddır dedi. Biz özümüzü gülməkdən zorla saxladıq, amma bunu da bilirdik ki, imformatika müəlliməmiz belə səhvlərə normalda yol verməz. Ancaq bir səbəb qalırdı: Direktorumuzun hirsli qışqırıqları))))
Düzdür, məktəbə lövhələrdən gətirdilər, amma dərs ilinin sonuna qədər lövhələrin şunuru belə açılmadı.
Hər dəfə bu hadisə yadıma düşəndə gülürəm...

Friday, August 14, 2015

Az bilinən təbii maddə - Obsidian

Bu gün təbii maddələr haqqında bir az araşdırdım və bu maddələrdən topladığım bilgilərin birini sizlərlə paylaşmaq qərarına gəldim. Araşdırdığım maddənin adı "Obsidian" dır. Obsidian təbii yollarla yaranan bir "şüşə" dir. Hətta obsidiana "vulkan şüşəsi" belə deyirlər. Bu maddə lavanın donması ilə yaranır. Bəzi məlumatlara görə, insanlar qədim zamanlarda ox uclarında istifadə etmişlər. İndiki cərrahi kəsici alətlərin ucları belə obsidiandan düzəldilir. 
Belə bir nəticəyə gəlmək olar ki, obsidian almaz qədər iti olmasada lazımlı bir maddədir.

Thursday, August 13, 2015

Yaltaqlıq dərsindən "2" alarsan

Bu gün tort alıb bibimoğlugilə, BDU-nun hüquq fakultəsinə qəbul olduğuna görə onu təbrik etməyə getmişdik. Tortun üstünə "Toğrul BDU" da yazmışdıq. Tortu yedik, çay içdik, danışdıq. Atam belə bir söz də dedi: Bütün dərslərindən 5 al, amma orada yaltaqlıq dərsi olur, o dərsdən kəsil.

Saturday, August 1, 2015

Qəhrəman və onun səhvi

Dünən Xəzərin Novxanı hissəsində saat 3-də bir gənc oğlan boğulub. Biz də orada idik. Danışılanlardan bəlli oldu ki, oğlan fədakarlıq, hətta qəhrəmanlıq edib. Deməli, dənizdə skuter deyilən və əyləncə məqsədiylə işlədilən kater kimi qayıqlar var. Hərə öz katerini gətirir və 5-10 manata əyləncə həvəskarlarlına verir, pul qazanır. Təbii ki, bu qanuni deyil. Amma bu ayrı bir söhbətin mövzusudur. 
Skuterə minəndə oğlan qoruyucu jilet geyinib, amma qız yox. Bunlar dənizin dərinliyində olanda isə kater aşıb və oğlanla qız suya düşüblər. Qız boğulmağa başlayıb, oğlan isə öz jiletini qıza verib (!) və qız xilas olub, özü isə batıb. 
Bu, əsl qəhrəmanlıqdır, nadir fədakarlıqlıqdır, bu böyük ürək sahibi  böyük də səhvə yol verib. O, katerə minəndə qıza hökmən jilet  geyindirməli idi və hər ikisi jiletlə suya girməli idi. 
Belə bir sual ortaya çıxa bilər ki, sevimli qız jilet geymək istəməyib, onda skuterin sahibi qızı mindirməməli idi. Bu özbaşınalığın yarartdığı bəladır. O skuterlərin sahibləri hansı qayda ilə xidmət göstərir? Yəqin nızarətçilərə pul verib istədikləri kimi çalışırlar.
Yeri gəlmişkən, bu hadisədən sonra  sahildə bir dənə də skuter  görə bilmədim...Aradan çıxmışdılar! 
Adını bilmədiyimiz qəhrəman isə həm də onların qurbanı idi!